Arzu Rəhimov: "...çağırışçılar geri qaytarılır"

"Azərbaycanda hərbi xidmətə çağırış yaşının artırılması barədə yayılan məlumatlar hazırda söz-söhbət səviyyəsindədir. Bununla bağlı hər hansı dəyişiklik olsa, xidmət də fəaliyyətini buna uyğun olaraq quracaq".

APA TV-nin xəbərinə görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov bildirib.

 

Xidmət rəisi bildirib ki, hələlik bununla bağlı Dövlət Xidməti tərəfindən hər hansı bir təklif olmayıb. Arzu Rəhimov hərbi xidmətə çağırıldıqdan sonra geri çağırılan gənclərin sayının artmasına da münasibət bildirib. Onun sözlərinə görə, bəzi çağırışçılar ilkin həkim komissiyasından keçərkən xəstəlikləri barədə məlumatları gizlədirlər. Bu da hərbi xidmət keçdikdən sonra onların hüquq-mühafizə orqanlarında çalışmaq istəyindən irəli gəlir: "Xəstəlik aşkarlanan çağırışçılar geri qaytarılırlar. Təhvil alınmış həmin şəxslər bir daha həkim komissiyalarına cəlb olunurlar. Yoxlandıqdan sonra onlarda aşkar olunan xəstəliyin müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir və növbəti çağırışda əgər o çağırışçı xidmətə yararlıdırsa, cəlb olunur".

 

Arzu Rəhimov deyib ki, tək Müdafiə Nazirliyində deyil, digər qoşun növlərində də çağırışçılar qəbul olunduqdan sonra həkim komissiyalarından keçirlər.

 

 

Müəllif | Apa.Tv