74 yaşlı HƏKİMİ MAŞIN VURUB ÖLDÜRDÜ
İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gecə növbəsində çalışan həkim işə gedərkən yolu keçmək istəyib və qəzanın qurbanı olub. Hadisə Hacıqabul-Bəhramtəpə avtomobil yolunun İmişli rayonunun Xəlfəli kəndindən keçən hissəsində baş verib. Elbrus Nəcəfov idarə etdiyi "Ford" markalı mikroavtobusla yolu keçməkdə olan 74 yaşlı Süleyman Şirinovu vurub. Yaralı hadisə yerində özüb. Qəza zamanı maşın idarəetməni itirib, qarşıdan gələn "KamAZ"a çırpılıb. APA TV-nin xəbərinə görə, ölən şəxsin yol tikintisini həyata keçirən şirkətin həkimi olduğu bildirilir. Hadisə yerində olan sakinlər qəzanın baş verməsinə yüksək sürət və yoldakı nişanların olmamasının səbəb olduğunu deyiblər.
Kənd sakini Nahid Həsənov mərhum bacısı oğlu olduğunu, həmin yolda dəfələrlə qəza baş verdiyini söyləyib.
Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.