Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2 yaşında

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHÇDX) qurumun yaranmasının 2-ci ildönümü münasibəti ilə tədbir keçirilib. İlk olaraq xidmətin əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

 

APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən xidmətin rəisi, general-leytenant Arzu Rəhimov rəhbərlik etdiyi qurumun yarandığı gündən həyata keçirdiyi tədbirlər barədə məruzə ilə çıxış edib. Xidmət rəisi bildirib ki, müharibə şəraitində olmağımız səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkilində Xidmətin üzərinə əlavə vəzifələr qoyur.

 

Arzu Rəhimov qeyd edib ki, qanunvericiliyə uyğun olaraq, ölkə ərazisində fəaliyyət göstərən mülkiyyət və təşkilati hüquq formasından asılı olmayaraq, hüquqi şəxs statusunda olan müəssisə, idarə, təşkilat və təhsil müəssisələrində hərbi vəzifəlilərin uçotunun aparılması işinin yoxlanılması nəzarətdə saxlanılıb. Bu sahədə mövcud qanunvericilik təkmilləşdirilib. Xidmət tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri gücləndirilib. Ümumilikdə xidmət tərəfindən fəaliyyəti dövründə qanunvericiliyə 400-dən artıq dəyişiklik təklif olunub və onların böyük qismi qəbul edilib.

 

Xidmət rəisi bildirib ki, ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inkişafına dair 2013-2018-ci illər üçün Tədbirlər Planı hazırlanaraq təsdiq olunub. Ötən il SHÇDX-də 5 elektron xidmət istifadəyə verilib.

 

Tədbirin sonunda xidmət  rəisinin əmri ilə fəaliyyətlərində fərqlənən hərbi qulluqçuları mükafatlandırılıb.

 

Müəllif | Apa.Tv