Cəlilabadda ağır qəza: 1 ÖLÜ, 2 YARALI
Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə fevralın 13-də Ələt-Astara şose yolunun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Sürücülərinin şəxsiyyəti hələlik məlum olmayan iki minik avtomobili toqquşub. Güclü zərbənin təsirindən hər iki avtomobil ciddi zədələnib, sərnişinlərdən bir nəfər ölüb.
İki nəfər - Masallı rayon sakini, 26 yaşlı Vaqif Əhmədağa oğlu Abışov və Cəlilabad rayon sakini, 31 yaşlı Taleh Yaşar oğlu Şəfiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.