Əlaçı tələbələrə XOŞ XƏBƏR
"Bacarıqlı, savadlı və hazırlıqlı tələbələrdən “SABAH” qrupları təşkil ediləcək. Məqsəd ölkə təhsilinin strateji hədəflərindən biri kimi gənclərin potensialını inkişaf etdirməkdir".
APA TV-nin xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov dövlət ali təhsil müəssisələrində yaradılacaq “SABAH” qruplarının təqdimatı zamanı belə deyib. Onun sözlərinə görə, bu qruplara əyani şöbələrin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələr seçiləcək. "SABAH" qruplarının üzvləri təhsillərini başa vurandan sonra işə düzələrkən də müəyyən üstünlüklərə malik olacaqlar:“Adətən işəgötürənlər məzunların peşələrə hazırlığını qənaətbəxş hesab etsələr də, onların praktik hazırlığının aşağı səviyyədə olduğunu deyirlər. Ölkədə işəgötürənlərin sayı heç zaman bu qədər çox olmayıb. Bu, bilikli iqtisadiyyata keçidin fəsadlarından biridir. Amma Təhsil Nazirliyi işəgötürənlərlə sıx əlaqənin yaradılması, məzunların praktik hazırlıq prosesinə cəlb olunması və onların hərtərəfli hazırlığında maraqlıdır deyə, "SABAH" qrupları yaradılır”.
Təhsil naziri qeyd edib ki, bu qrupların üzvləri əlavə təqüd alacaqlar. Dərslərə xaricdən də müəllimlər cəlb ediləcək.
Bütün ölkədə tətbiq ediləcək "SABAH" qrupları 53 ixtisas üzrə 15 ali təhsil müəssisəsini əhatə edəcək.