Əfqanıstanın hökuməti 65 təhlükəli məhkumu azad edib
Əfqanıstanın Pərvan vilayətindəki Baqram Həbsxanasından Amerikanın təhlükəli hesab etdiyi 88 şəxsdən 65-i azad edilib. Amerika Birləşmiş Ştatlarının Kabildəki səfirliyi hadisəni pisləyərək, azad edilən şəxslər arasında sivili insanların, əfqan hərbçilərin ölümünə səbəb olan cinayətkarların olduğunu qeyd edib. Əfqanıstan baş prokurorluğu isə 65 məhbusun hər birinin cinayət işini bir-bir nəzərdən keçirdiyini, onların cinayətlərini sübut edən heç bir dəlilin olmadığını bildirib.
APA TV-nin xəbərinə görə, Amerika Quantanamo və İraqdakı Əbu Gərib həbsxanalarının bənzəri olan Baqram Həbsxanasını təxminən bir il əvvəl Əfqan hökumətinə qaytarıb. Əfqanıstan isə orada saxlanılan insanların cinayət işlərinin yenidən araşdırılması ilə bağlı komitə yaradıb. Daha sonra cinayətləri sübut edilməyən şəxslər azad edilib.