Tarixin daşlarda əks olunduğu məkan - GƏZİNTİ

"Bu muzeydəki daşlar Abşerondan, Suraxanıdan və  digər  ərazilərdən tapılan daşlardır. Burda eramızdan əvvələ aid və  üzərində rəsimlər olan daşlar da var. Tapılan əşyaların bəzisi Atəşgah məbədinə aiddir".

Bunu APA TV-yə Atəşgah" Tarixi Memarlıq Qoruğunda yaradılan muzeyin bələdçisi Ruslan Xəlilov deyir. Söhbət Suraxanı rayonu ərazidində yerləşən "Atəşgah" Tarixi Memarlıq Qoruğunda yaradılan yeni muzey kompleksindən gedir. Ruslan Xəlilovla komplekse qısa ekskursiyaya çıxdıq. İlk tanışlığımız muzeyin yeni inşa edilən binasından başladı. Qədim memarlıq üslubunda tikilən kompleks bir neçə  hissələrdən ibarətdir. Bura gələn ziyarətçilər həm muzeydə saxlanılan eksponatlarla, həm də yeni istismara verilən emalatxanalarla tanış ola biləcəklər. Bələdçimiz deyir ki, hazırda fəaliyyət göstərən muzey müvəqqəti xarakter daşıyır və yaxın gələcəkdə onun yeni elektron muzeylə əvəzlənməsi nəzərdə tutulur. Hazırki muzeydə yalnız Abşerona aid daşlar, qədim qayaüstü  rəsimlərin əks olunduğu daş kitabələr nümayiş etdirilir: "Bu daş Abşeron ərazisindən tapılıb və üzərində döyüş səhnəsi əks olunub. Azərbaycanda monqol yürüşlərini özündə əks etdirir. Abidə XII-XIII əsrlərə aiddir".

 

Qədim insanların ən qədim məşğuliyyətlərindən biri də əkinçilik və maldarlıqdır. Dübəndidən tapılmış II minilliyə aid daşların üzərində heyvan təsvirləri verilib. Bu təsvirlər insanların o zaman heyvandarlıqla da məşğul olduqlarını ifadə edir. 

 

Qədim insanların ən ilkin və əsas peşəsi ovçuluq sayılır. Bir zamanlar qəbilələrin, tayfalar və ya icmalar ov ovlamaqla azuqələrini təmin edirdilər: "Abşerondan, Dübəndidən tapılan bu daş eramızdan əvvəl II minilliyə aiddir.  Daşın üzərində ov səhnəsi təsvir olunub".

 

Muzeydə diqqət çəkən abidələr arasında Atəşgah məbədinin və burada yaşamış atəşpərəstlərin sinvolu xüsusi yer tutur. Qayaüstü rəsimlər arasında qədim dini inanclar və totemlər də öz əksini tapıb.

 

Atəşgahda yaşayan insanlar üçün od müqəddəs idi. Məhz bu səbəbdən də onlar günəşi müqəddəs sayırdılar. Qayaüstü təsvirlərdə də insanlar günəş rəmzini əks etdirirlər.  Abşeron Atəşgah məbədindən tapılan bu günəş təsvirli daş abidə XVII-XVIII əsrlərə aiddir.

 

Muzeyin ziyarətçilərinin diqqət mərkəzində olan bölümlərdən biri də kompleksdə yeni istismara verilən emalatxanalardır. Bu emalatxanalarda, rəssamlar, dülgərlər, eləcədə toxucular öz əl işlərini hazırlayıb həm nümayiş etdirir, həm də satırlar.

 

Atəşgaha gələn ziyarətçilər burda qədim xalçalarla da tanış olacaqlar. Hətta istəsələr, müəyyən vəsait köçürməklə satış üçün nəzərdə tutulan xalçalardan ala da biləcəklər. Burada XX əsrin əvvəllərinə aid olan xalça sərgilənir. Digər bir xalça isə Qarabağ toxuculuq sənətinin istehsalıdır ki, bu xalçanın da 110 -120 yaşı olduğu deyilir.  

 

Muzeyə gələnlər kompleksi pulsuz ziyarət edə biləcəklər.

 

Müəllif | Apa.Tv