Prezidenti İlham Əliyev Milli Konservatoriyanın yeni binasının açılışına qatılıb
Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışı olub. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlət başçısına məlumat verən Azərbaycan Milli Konservatoriyasının rektoru, XALQ Artisti Səyavuş Kərimi binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradıldığını bildirib. Hazırda 287 tələbənin təhsil aldığı konservatoriyanın yeni binası 1000 tələbənin burada oxumasına imkan verir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Konservatoriyanın müəllim heyəti, görkəmli mədəniyyət xadimləri ilə görüşüblər. Dövlət başçısı deyib ki, milli mənəvi dəyərlər üzərində bərqərar olan Azərbaycan dövləti milli musiqinin inkişafına da xüsusi diqqət göstərir. Prezident İlham Əliyev bir daha gənclərdə Vətənə və milli mənəvi dəyərlərə bağlılığın möhkəmləndirilməsi istiqamətində yaşlı nəslin üzərinə müəyyən vəzifələrin düşdüyünü diqqətə çatdıraraq vurğulayıb ki, milli musiqinin inkişafında xidmətləri olan şəxslər Azərbaycanın milli sərvətidir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mədəniyyət xadimlərinə qayğının hər zaman diqqət mərkəzində saxlandığını, mədəniyyətin, xüsusilə də milli musiqinin inkişafının prioritet olduğunu vurğulayıb. Tədbirin sonunda prezident İlham Əliyevə milli musiqi alətlərimiz olan tar və kamança hədiyyə olunub.
APA TV xəbər verir ki, prezident İlham Əliyevə Milli Konservatoriyanın maketi təqdim olunub, gələcəkdə burada görüləcək işlər barədə məlumat verilib.