Bakıda DAHA BİR PARTLAYIŞ: 2 ÖLÜ, 1 YARALI
“LUKoil” şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə Xətai rayonunu Ramiz Quliyev küçəsi 6 ünvanında qeydə alınıb. Partlayış nəticəsində təmir aparan iki ustadan biri hadisə yerində, digəri isə xəstəxanada ölüb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA TV-yə verilən məlumata görə, hadisə zamanı Şamxal Orucov hadisə yerində, yaralı Həsrət İmamverdiyev isə ətrafdakı insanların köməkliyi ilə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirildikdən sonra ölüb. Bundan başqa, 27 yaşlı Turab Həşimov da müxtəlif xəsarətlərlə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir. Partlayış zamanı “Mitsubishi” markalı 10 PK 441 dövlət nömrə nişanlı avtomobili də yararsız hala düşüb. Hazırda Fövqəladə Hallar Nazirliyinin, polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır.
Fövqəladə Hallar Nazirliyi Bakıda yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb. Bildirilir ki, təmirə dayanmış “LUKoil” yanacaq doldurma məntəqəsində partlayış hadisəsi baş verməsi barədə nazirliyə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.