Biləsuvarda partlayış - MAŞIN 10 METR GÖYƏ QALXARAQ YERƏ DÜŞDÜ
Biləsuvarda güclü partlayış baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektindəki köhnə “Kimya Birliyi “ kimi tanınan idarənin həyətində qeydə alınıb. Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon sakini Şaiq Həsən oğlu Cəfərliyə məxsus yanacaq daşıyan qoşqulu “KamAZ”da qaynaq işlərinin aparılması çənin partlamasına səbəb olub. Partlayışın şiddətindən maşın 10 metr göyə qalxaraq yerə çırpılıb. Partlayış nəticəsində iki nəfər - sürücü Şaiq Cəfərli və qaynaqçı, Biləsuvar rayon sakini Əjdər Ziyad oğlu Poladov aldıqları çoxsaylı bədən xəsarətlərindən hadisə yerində ölüblər.
Hadisə yerində olan Biləsuvar rayon sakini Təzəxan Poladov isə yaralı halda Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Müvafiq tibbi yardımdan sonra onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Qeyd edək ki, təmir olunan yük maşının çəni boş olub. Faktla bağlı rayon hüquq - mühafizə orqanları tərəfindən araşdırma aparılır.