Amerikada qar fəlakəti davam edir: 16 ÖLÜ

ABŞ-ın şərq hissəsində tüğyan edən qar fırtınası azı 16 nəfərin ölümünə səbəb olub. “RİA Novosti”nin yaydığı xəbərə görə, bundan əvvəl 11 nəfərin öldüyü bildirilirdi. Merilend ştatının Xauard dairəsində 45, 55 və 57 yaşlarında olan üç kişi yolu qardan  təmizləyərkən ürəktutmasından keçinib. Nyu-Yorkda qaryığan traktor hamilə qadını vurub. Qadın aldığı ağır xəsarətlərdən keçinib, lakin həkimlər qeysəriyyə əməliyyatı yolu ilə uşağı xilas edə biliblər. Körpənin vəziyyətinin ağır olduğu bildirilir. Ümumilikdə isə  ABŞ-ın 22 ştatı qar fırtınasından zərər çəkib. Bu ştatların yarısında fövqəladə vəziyyət elan olunub. Qeyri-sabit hava şəraiti səbəbindən 500 minədək ev təsərrüfatı işıqsız qalıb, 6500 təyyarə reysi təxirə salınıb. “İTAR-TASS”ın verdiyi xəbərə görə, daha ağır vəziyyət Atlanta (Corciya ştatı), Şarlott (Şimali Karolina ştatı), Filadelfiya (Pensilvaniya ştatı), Vaşinqton və Nyuark (Nyu Cersi ştatı) aeroportunda müşahidə olunur. Qeyri-sabit hava şəraiti elektrik enerjisinin verilişində də ciddi problemlər yaradıb - Corciya, Şimali və Cənubi Karolina ştatlarında 700 minədək istehlakçı işıqsız qalıb. Güclü qar 18 ştatda tüğyan edir, onlardan 11-də fövqəladə vəziyyət elan olunub. Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına ABŞ Milli Qvardiyasının hissələri də cəlb olunub. Merilənd, Virciniya və Qərbi Virciniya ştatlarında 50 sm-dən çox qar yağdığı bildirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv