Güclü şaxta sitrusçuluğa böyük ziyan vurub
Fevralın əvvəlində müşahidə edilən şiddətli şaxtalar sitrusçuluğun inkişafına böyük zərbə vurub. Mövcud vəziyyətdən ən çox ziyan çəkən isə Astara rayonunun sakinləridir. Açıq hava şəraitində qalan limon, naringi, portağal, feyxoa ağaclarını don vurub.
Sakinlər APA TV-yə deyiblər ki, hətta limon ağaclarının örtüklərlə bürünməsi belə onları şaxtanın təsirindən qoruya bilməyib. Üzərində meyvəsi olan ağacları don vurduğundan meyvələr yumşalaraq yerə tökülüb. Məhsullarını vaxtında ucuz qiymətə satmaq istəməyən sahibkarlar indi ikiqat ziyana düşüblər.
Sitrusçuların sözlərinə görə, qarın ağırlığına dözməyən bəzi ağacların budaqları qırıldığından onların yenidən bərpası üçün illərlə vaxt və qulluq lazım olacaq. 100-dən artıq ağac don vurması nəticəsində quruduğundan kəsilib.
Astarada əksər ailələrin qazancı sitrus və subtropik meyvələrdən gəlir. Bu il məhsulun bolluğuna baxmayaraq, satış qiymətinin aşağı olması, sahibkarları meyvələri dəyər-dəyməzə satmağa məcbur edib.