Siyavuş Novruzov və Fazil Mustafadan qarşılıqlı ittihamlar
"Bəzən görürsən ki, bizim həmkarlarımız çaşıb Əkrəm Əylisliniт yolu ilə gedirlər". APA TV-nin xəbərinə görə, hakim partiyadan olan millət vəkili Siyavuş Novruzovun bu fikrinə səbəb həmkarı Fazil Mustafanın bir neçə gün əvvəl mətbuatda dərc edilmiş “Adamyeyənlər” hekayəsi olub. O, Fazil Mustafanı antitürk mövqeyindən çıxış etməkdə ittiham edilən yazıçı Əkrəm Əylisli ilə eyniləşdirib: "Mən bilirəm ki, Əkrəm Əylisli ilə bir yerdə çox oturublar, məsləhətləşiblər. Amma Azərbaycanda görülən işlərin üzərinə bu dərəcədə qara yaxmaq, həyata keçirilən islahatlara bu cür yanaşmaq və Afrikanın adamyeyənləri ilə azərbaycanlıların müqayisəsini aparmaq heç də təqdirəlayiq deyil”.
Fazil Mustafa həmkarı Siyavuş Novruzovun onun ünvanına söylədiyi fikirlərə sərt cavab verib: "Özünü xalqın xidmətçisi hesab edən prezidentin əksinə olaraq bəzi həmkarlarımız özünü hansısa məmurların, hansısa qrupların xidmətçisi göstərməyə çalışırlar. Açığı mən bir şeyi demək istəyirəm, biz ona görə tənqid edirik ki, harada neqativ məsələlər var, onlar aradan qaldırılsın. Ola bilsin ki, korrupsiya var. Amma allahsızlıq deyilən bir termin var. Ona görə biz deyirik ki, bu qədər allahsız formada nəyinsə dağıdılması adamyeyənlikdir”.
Lakin birinci vitse-spiker Ziyafət Əsgərov Fazil Mustafanın sözünü kəsərək, gündəliyin müzakirəsindən yayınmamağa çağırıb. Fazil Mustafa isə yenidən təkid edərək söz alıb və əslində mahiyyət üzrə danışdığını deyib və bəzi həmkarlarını tənqidə dözümlü olmağa çağırıb.