Azərbaycanla Serbiya arasında viza rejimi sadələşdiriləcək

 

“Beynəlxalq hüququn ərazi bütövlüyü və dövlətlərin suverenliyi kimi prinsiplərində Serbiyanın mövqeyi dəyişməzdir".

APA TV-nin xəbərinə görə, Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç keçirdiyi mətbuat konfransında belə deyib: "Serbiya və Azərbaycanın birgə mövqeyi ondan ibarətdir ki, bütün münaqişələr beynəlxalq hüquq normalarına uyğun, beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həll olunmalıdır".

Səfir deyib ki, Azərbaycanla Serbiya viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar aparır. 2010-cü ildə Serbiya Azərbaycana ümumvətəndaş pasportlarının sahibləri üçün viza rejiminin ləğvini təklif edib. OBu məsələ 2013-cü ilin iyununda xarici işlər nazirlikləri arasında keçirilən ilk məsləhətləşmələr zamanı müzakirə olunub: "Hazırda viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar aparılır. Serbiya və Azərbaycan səfirlikləri onsuz da hazırda vizaları qısa müddətdə operativ şəkildə verir". 

 

Səfir deyib ki, Serbiya və Azərbaycan münasibətlərini dinamik inkişaf etdirən strateji tərəfdaşlardır. İki ölkə inşaat, təhsil, turizm və infrastruktur sahəsindəki əməkdaşlıq edir.

 

Səfir qeyd edib ki, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Serbiya hökumətlərarası komissiyanın növbəti iclası martın 3-4-də Belqradda keçiriləcək.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı