Radikallığı təbliğ edən 29 kitabın idxalı qadağan edilib
2013-cü ildə 12 dini icma dövlət qeydiyyatına alınıb. Bununla da dövlət qeydiyyatından keçmiş dini qurumların ümumi sayı 588-ə çatıb. APA TV-nin xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib ki, keçən il 688 adda dini məzmunlu ədəbiyyata da baxaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 29 adda kitabın ölkəyə idxalı məqsədəuyğun sayılmayıb. Sədr 2014-cü ildə Dövlət Komitəsinin qarşısında duran əsas vəzifələrdən danışaraq bildirib ki, din-dövlət münasibətlərinin tənzimlənməsi və bundan irəli gələn vəzifələrin təkmilləşdirilməsi, radikal və dini nifrət yayan cərəyanlara qarşı müvafiq tədbirlərin həyata keçirilməsi, dini icmalar və cəmiyyətdə mili-mənəvi dəyərlərimizin təbliği istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsidir. Eyni zamanda Komitə tolerantlıq ənənələrinin gücləndirilməsi və daxildə və xaricdə təbliğatı ənənəvi mili-mənəvi dəyərlərin inkişaf etdirilməsi, dini icmaların cəmiyyətə inteqrasiyasının təmin edilməsi istiqamətlərində fəaliyyət göstərəcək.
Elşad İskəndərov bildirib ki, ötən il ilk dəfə Qafqaz Müsəlmanları İdarəsinin imam və axundlar üçün xütbə və moizə vəsaitləri ilə bağlı kurslar təşkil edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bundan sonra yeni loqo altında fəliyyət göstərəcək. Bununla bağlı keçirilən müsabiqəyə xaricdən və ölkə daxilindən 50 loqo təsviri təqdim edilib. Yeni loqo səkkizguşəlidir, gerbimiz və dua şəklində açılmış iki əllə əhatə olunmuş alovdan ibarətdir.