Rövnəq Abdullayev: "YENİ BİNALARA QAZIN VERİLMƏSİ..."
Milli Məclisin plenar iclasında yeni tikilən binalara qaz verilməməsi məsələsi ciddi müzakirə olunub. APA TV-nin xəbərinə görə, millət vəkili Qənirə Paşayeva bildirib ki, təbii qazla təmin edilməyən binaların sakinlərinin parlamentə müraciətlərin sayında kəskin artım var. O qeyd edib ki, qazın verilməməsində tikinti şirkətləri məsuliyyət daşıyır. Spiker Oqtay Əsədov da mövcud problemlə maraqlandığını deyib: "Həmin banaların 70 faizində tüstü-baca sistemi yoxdur. İkinci qazın təhvil verilməsi üçün binalara 70 faiz əhali köçməlidir. Deyirlər ki, binaların yarısı boşdur. Binaları tikənlər orada yaşayanların qarşısında məsuliyyət daşıyırlar. Qazı verdilər, sabah da partladı. Bəs buna kim məsuliyyət daşıyacaq. Tüstü-baca sistemi yoxdur. Bu ciddi problemdir".
Digər millət vəkili, Dövlət Neft Şirkətinin sədri Rövnəq Abdullayev də yeni tikilən binalara qaz verilməməsinin səbəblərini açıqlayıb: "Layihələrdə olan problemlərə görə bu binalar komissiyalara təhvil verilə bilər. MTK-lar evləri satır, insanlar su və işıq veriləndən sonra ora köçürlər. Amma belə binalara qazın verilməsi mümkün deyil. “Azəriqaz” istehsalat Birliyi elan edir ki, hansı bina Fövqəladə Hallar Nazirliyinin lisenziyasını alır, təhvil aktına qol çəkilirsə, o bina bir həftə ərzində qazlaşdırılır".
Millət vəkili bildirib ki, əgər hansısa binada təhlükəsizlik qaydalarına əməl olunmayıbsa, ora qaz verilməyəcək. Ona görə, sakinlər öncə MTK-dan hesab istəməlidirlər.