Bərdədə mənşəyi məlum olmayan tonlarla ət tapılıb
Bərdədə yararsız halda olan və mənşəyi məlum olmayan tonlarla ət tapılıb. Dövlət Baytarlıq Xidmətinin (DBX) əməkdaşlarının keçirdiyi reyd zamanı keyfiyyətsiz ətlər Bərdə şəhər sakini Seyfəddin Novruzovun həyətində aşkarlanıb. Reyd zamanı ev sahibi baytarlıq xidmətinin əməkdaşlarına və karantin polisinə qarşı təzyiq göstərib. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının müdaxiləsindən sonra həyətdəki anbarlara baxış keçirilrib.
APA TV-nin xəbərinə görə, DBX-nin rəisi Siyalə Rüstəmova deyib ki, aşkarlanan ətlərin arasında iribuynuzlu heyvan cəmdəkləri də var. Hər bir ətdən nümunə götürülərək Respublika Baytarlıq Loborotoriyasında müayinə aparılacaq. Ev yiyəsi də təsdiq edib ki, həmin heyvanlar 2 il əvvəl kəsilib. Həmin heyvanların ətləri artıq göyərib, kiflənib.
Məlum olub ki, antisanitar vəziyyətdə saxlanılan ətin əvvəllər göndərildiyi məntəqələr bağlandığından sahibkar məhsulun satışını reallaşdıra bilməyib: "Bu ətlərin hamısı Bakıya gedir. Biz dəfələrlə Bakıda da belə qanunsuz fəaliyyət göstərən gizli sexlər aşkarlamışıq. Bu ətin sahibi də etiraf edir ki, həmin sexlər aşkarlandıqdan sonra o məcbur olub ətləri dondurucuda saxlayıb.
Ev sahibi iddia edir ki, onun həyətində aşkarlanan ətin hamısı keyfiyyətlidir və standartlara cavab verir. O bildirib ki, vaxtı keçmiş məhsulları it və başqa ət yeyən heyvanlar saxlayan şəxslərə satıb: "Hər həftə bazardan alıb, gətirib hər həftə kəsib satırdım. İndi daha ət alan olmadığından soyducuda yığılıb qalıb".
Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova bildirib ki, aşkarlanan ətlər Dövlət Baytarlıq Laboratoriyasında analiz ediləcək.