Azərbaycan XİN Ceyms Uorlikə cavab verdi!

 

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar rəsmi Bakı və İrəvan arasında aparılır. Bu danışıqlarda məqsəd ondan ibarətdir ki, sonda hərtərəfli sülh sazişi imzalansın". Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdulayev ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin "Twitter" səhifəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı şərhə münasibət bildirərkən deyib. Amerikalı həmsədr "Kiprin yunan və türk icmaları bəyan edib ki, Kipr problemi ilə bağlı yaxşı hazırlanmış danışıqlara başlayır. Dağlıq Qarabağ məsələsində bu niyə olmasın?" şərhini yazıb. Özünü “Dağlıq Qarabağın xarici işlər naziri” elan etmiş şəxs isə buna cavab olaraq Dağlıq Qarabağın da birbaşa iştirakı ilə hərtərəfli danışıqlara başlamağın vaxtı çatdığını bildirib.

 

Elman Abdullayev erməni mətbuatının Ceyms Uorlikin fikirlərini təhrif etməsinə də şərh verib: “Erməni mətbuatı hər zaman olduğu kimi öz ampluasındadır, yenə də məlumatları təhrif etməyə və mövqeyi özlərinə sərf etdiyi şəkildə təqdim etməyə çalışır”.

 

Onun sözlərinə görə, danışıqların Ceyms Uorlikin dediyi kimi yaxşı hazırlanmış şəkildə aparılmamasının günahkarı məhz Ermənistan tərəfidir: “Həmişə olduğu kimi, rəsmi İrəvan gərək danışıqlarda ləngərvurma strategiyasından əl çəksin. Konkret mövqe ortaya qoya bilsin. Çünki rəsmi İrəvanın siyasi iradə və konstruktivliklə bağlı problemi, konkretlik və praqmatiklik ortaya qoymaması danışıqlar prosesinə mənfi təsir göstərir”.

 

Xatırladaq ki, Ceyms Uorlikin şərhinə və onun ətrafında qaldırılan polemikaya Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov tərəfindən də reaksiya gəlib. O, qeyd edib ki, bu cür açıqlamalar izahat tələb edir: “Təəssüf ki, izahata ehtiyacı olan bəzi yarımçıq cümlələr ictimai fikri çaşdırır”. E. Aslanov vurğulayıb ki, danışıqlarda yalnız iki tərəf – Azərbaycan və Ermənistan var.

 

Müəllif | Apa.Tv