Millət vəkili: "Büdcədən kinoya pul ayrılır, bələdiyyəyə yox"
Ötən il bələdiyyələrlə bağlı prokurorluğa göndərilən 25 materialdan 7-si üzrə cinayət işi başlanıb. APA TV-nin xəbərinə görə, Parlamentin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi ilə çıxış edən Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, onlardan 3-ü üzrə istintaq yekunlaşaraq müvafiq məhkəmələrə göndərilib, 1 cinayət üzrə artıq ittiham hökmü çıxarılıb. Həmçinin bir material üzrə cinayət işinə xitam verilib, 3 material üzrə cinayət işinin başlanması rədd edilib.
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitin azlığından şikayətlənib: "Respublikada kinofilmlərin çəkilişinə 6,5 milyon manat vəsait ayrılır. Bu barədə danışanda Maliyyə Nazirliyinin rəhbərliyi deyir ki, büdcə bələdiyyələrin maliyyələşdirilməsi üçün özünə öhdəlik götürməyib. Məgər kino çəkilişi ilə əlaqədar büdcənin öhdəliyi var?"
Bakı Şəhər Bələdiyyəsinin yaradılmasını təklif edən digər millət vəkili Qüdrət Həsənquliyev isə qeyd edib ki, bu, beynəlxalq təşkilatların da tövsiyəsidir: "Məsələnin kökü siyasi qərarın qəbul olunmasındadır. Siyasi iradə lazımdır ki, bələdiyyələrin statusu artırılsın və icra orqanları ilə olan o paralelik aradan qaldırılsın. Bələdiyyə sədrlərinin birbaşa seçilməsi fikirlərini bəzi həmkarlarım gündəmə gətirir. Əksinə bu vəziyyəti biraz da ağırlaşdıracaq. Bələdiyyə sədrləri hələ onu seçən bələdiyyə üzvlərini fikirlərini nəzərə almır. Hesab edirəm ki, onlar birbaşa seçilsə bələdiyyə üzvlərinin artıq rolu tamamilə minimuma endiriləcək".
Sonda məruzə səsə qoyularaq qəbul olunub.