Neftçalada İTKİN DÜŞƏN SÜRÜCÜNÜN YANMIŞ MAŞINI TAPILDI
Neftçala rayonunda evdən çıxan və geri qayıtmayan taksi sürücüsünün avtomobili yanmış vəziyyətdə tapılsa da, özü barədə heç bir məlumat yoxdur.
APA TV-nin xəbərinə görə, hadisə rayonun Yuxarı Qaraymanlı kəndində baş verib. Kənd sakini, taksi sürücüsü 50 yaşlı Kamal Ədalət oğlu Rüstəmov fevralın 13-də səhər saatlarında evdən çıxıb. Daha sonra onun idarə etdiyi “VAZ-21011” markalı minik maşını qonşu Pirəbbə kəndinidə yanmış halda tapılıb. Ayaqqabısının bir tayı isə maşından 200 metr aralıda aşkarlanıb.
Məlumat daxil olan kimi hadisə yerinə dərhal hüquq-mühafizə orqanları gəlib. Əraziyə baxış keçirilən zaman yanmış avtomobilin yanında hər hansı cəsəd də tapılmayıb. 4 uşaq atası olan Kamal Rüstəmovun yaxınları onun sağ qalıb qalmadığını bilmədiklərindən həyəcan içərisində yaşayırlar.
Faktla bağlı araşdırma və axtarışlar davam etdirilir.