Dilənçi kimi girdiyi evdən oğurluq etdi

Zərdabda qeyri-adi oğurluq hadisəsi baş verib. Oğru əvvəlcə dilənçi kimi qapı döyüb həyətə girir, daha sonra isə ev sahibəsini aldadaraq oğurluq edir. Yevlax rayon sakini Mehriban Abışova Zərdabın Təzə kənd sakini Gülgəz Bəkirovanın evinə gəlib. Söhbət zamanı Gülgəz Bəkirova gəlinin öldüyünü və bu hadisənin ona çox təsir etdiyini bildirib. Mehriban Abışova da ev sahibəsinə köməklik göstərəcəyini bildirib.

Mehriban Abışova əvvəlcədən kağız parçasına yığıb bağladığı daşları cibində saxlayıb. Daha sonra ev sahibəsindən baxmaq üçün aldığı mərhum gəlinin qızıllarını digər kağız parçasına yığaraq bağladıqdan sonra daş ilə dəyişir və ev sahibəsinə 3 gün müddətində onu açmamağı tapşırır.

APA TV-nin xəbərinə görə, Mehriban Abışova deyib ki, dələduzluq yoly ilə pul qazanmaq istəyib. Pulu oğurladığı üçün peşman olduğunu deyib, əlavə edib ki, daşları küçədən yığıb.

Mehriban Abışova evdən çıxıb getdikdən sonra aldadıldığını başa düşən Gülgəz Bəkirova dərhal Zərdab rayon polis şöbəsinə müraciət edib.

Mehriban Abışova yaşadığı Yevlax rayonuna gedərkən, Ucar ərazisində saxlanılıb.

Faktla bağlı Zərdab rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Zahid Abışov