Bakı küçələrində on kilometrlərlə tıxac yaranıb – ŞƏHƏR GÖRÜNTÜLƏRİ

Ötən axşam saatlarında Bakının əksər küçə və prospektlərində tıxaclar müşahidə olunub. APA TV-nin məlumatına görə, paytaxtın Neftçilər, Heydər Əliyev, Azadlıq və Babək prospektlərində, Şəmsi Bədəlbəyli, 28 May, Səməd Vurğun, Zərifə Əliyeva, Şah İsmayıl Xətai, Şövkət Məmmədova, Əziz Əliyev, İsmayıl Dağıstanlı və Təbriz küçələrində, eləcə də, Heydər Əliyev və Babək prospektlərinin kəsişməsində nəqliyyatın hərəkətində problemlər yaranıb. Hərəkətin nizamlanması prosesinə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib.

Bakıda tıxac saat 22.00 radələrinə qədər davam edib. Böyükşor şosesində, Şamil Kamilov, Təbriz küçələrində, Azadlıq prospektinin Süleyman Rüstəm küçəsi ilə kəsişməsindən Salatın Əsgərova küçəsi ilə kəsişməsinədək olan hissəsində gecə yarısına qədər avtomobillərin sıxlığı müşahidə olunub.

 

Müəllif | Apa.Tv