Hökməli dairəsində qəza - “MERCEDES” İŞIQ DİRƏYİNİ AŞIRDI
Abşeron rayonunda Şamaxı sakini özünə məxsus olmayan avtomobillə qəza törədib. Hadisə Bakı-Şamaxı yolunun 17-ci kilometrliyində qeydə alınıb. 29 yaşlı Güləddin Gərayev, xalasıoğlu, 28 yaşlı Sadiq Əliverdiyevə məxsus “Mercedes” markalı avtomobillə paytaxtdan Şamaxı istiqamətində hərəkətdə olarkən ötmə əməliyyatını düzgün yerinə yetirmədiyi üçün qəza törədib. Güləddin Gərayevin sözlərinə görə, qarşıda hərəkətdə olan yük maşınını ötmək istəyərkən digər avtomobillə üz-üzə gəlib. Nəticədə sürücü idarəetməni itirərək avtomobili yol kənarında olan işıq dirəyinə çırpıb. Qəza nəticəsində sürücü Güləddin Gərayev yüngül bədən xəsarəti alıb. Sərnişin Sadiq Əlverdiyev isə qəzadan xəsarətsiz qurtarıb.
Maşının işıq dirəyini aşırması nəticəsində ərazidə işıqlar sönüb.
Yol Patrul Xidmətinin əməkdaşları yararsız hala düşmüş avtomobili cərimə meydançasına aparıblar. Faktla bağlı araşdırma aparılır.