Lənkəranda yanğın! Ev sahibi şok keçirdi!
Lənkəranda fərdi yaşayış evində yanğın baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə şəhərin Tofiq İsmayılov küçəsi, 21-ci məhəllə ünvanında, 41 yaşlı İqbal İltifat oğlu Hüseynova məxsus ikimərtəbəli, 5 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə briqadaları cəlb olunub. Onların səyi nəticəsində yanğın lokallaşdırılıb.
Yanğın nəticəsində 200 kvadratmetrlik evin bir otağı 30 kvadratmetrlik sahədə içindəki məişət əşyaları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə zamanı evin sakinlərindən bir qadının şok keçirdiyi və ona təcili tibbi yardım briqadası tərəfindən müvafiq yardım göstərildiyi bildirilir.
Şahidlərin sözlərinə görə, yanğına evdə qaz sızması səbəb olub. Hadisənin dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra bəlli olacaq. Faktla bağlı araşdırma aparılır.