Gəncədə AMEA-nın texnoparkı yaradılacaq
Gəncədə Milli Elmlər Akademiyasının texnoparkının yaradılması nəzərdə tutulur. APA TV-nın Qərb bürosunun verdiyi məlumata görə, bu barədə açıqlamanı AMEA-nın prezidenti akademik Akif Əlizadə Rəyasət Heyətinin Gəncədə keçirilən səyyar iclasında bildirib. Onun sözlərinə görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşdə texnoparkın yaradılması məsələsini ön plana çəkib. Akif Əlizadə bildirib ki, yeni yaradılacaq texnoparkda başda qeyri-filiz və aqrar sahələr olmaqla müxtəlif sahələrin sınaq strukturaları yaradılacaq və bu strukturlar vasitəsi ilə istehsalata çıxmaq bir qədər də yüngülləşəcək. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev texnopark üçün torpaq sahəsinin ayrılacağını bildirib.
Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin səyyar iclasıda AMEA-nın Gəncə Bölməsinin ötən ilki fəaliyyəti də müzakirə edilib. AMEA-nın prezidenti Akif Əlizadə Azərbaycanda müasir elmin inkişafından danışıb, Gəncə bölməsinin istiqamətləri haqqında məlumat verib və müzakirələr aparılıb.
Qeyd edək ki, Gəncə Regional Elmi Mərkəzi ölkə prezidentinin 2012-ci il 19 dekabr tarixli sərəncamı ilə AMEA-nın Gəncə bölməsi kimi təsis edilib və nəzdində 7 institut fəaliyyət göstərir.