Polis məntəqəsinə gətirilən sərxoşlar polisləri əzişdirdi!
Rusiya paytaxtında qəribə hadisə baş verib. Polislər küçədə insanlara sataşan iki sərxoşu saxlayıblar. Onlardan sənəd tələb edən polislər sənəd əvəzinə sərxoşlardan ən kobud söyüşləri eşidiblər. Bundan sonra isə sərxoşlar asayiş keşikçilərinə müqavimət göstərərək onlara əl-qol atmağa başlayıblar. Polislər onların əllərinə qandal vuraraq bölməyə gətiriblər. Əsl həngamə də elə burda başlayıb. Bölmədə sərxoş vətəndaşların qollarından qandallar açılan kimi polislər əsl Şərq döyüş növlərinin texnikası ilə üz-üzə qalıblar. Sərxoşlar bölmədə polisləri əməlli-başlı əzişdirib, hətta onların poqonlarını da söküblər. Polislər sərxoşlardan birinin əllərinə yenidən qandal vurmağa nail olub. Bu dəfə isə saxlanan şəxsin ayaqları işə düşüb. Dərsini alan polislərdən biri də qadın əməkdaş olub. Dostunun əllərinin yenidən bağlandığını görən ikinci sərxoş daha da qızışıb. Polislər onun qarşısında aciz qalıblar və ruhi-əsəb xəstəxanaya zəng vurub həkim çağırıblar. Sonda ikinci sərxoşu da zərərsizləşdirmək mümkün olub. Sərxoşların bu hərəkətləri xırda xuliqanlıq kimi qiymətləndirilib.