Gəncə sakini qısqanclıq zəminində bıçaqlanıb
Gəncədə iki gəncin mübahisəsi bıçaqlanma ilə nəticələnib. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin 5-ci mikrorayonunda baş verib. Şəhər sakini, 27 yaşlı Məmmədhəsən Həsənov bacısı Aygün Həsənovaya onun tanışı Etibar Əliyevə zəng vurduraraq sonuncunu baxımsız əraziyə çağırtdırıb. Həmin yerdə Məmmədhəsənlə Etibarın mübahisəsi əlbəyaxa davaya, daha sonra bıçaqlanmaya çevrilib. Nəticədə Etibar Əliyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağır olaraq qalır. Məmmədhəsən Həsənov polis tərəfindən saxlanılıb. Onun bədənində bıçaq izləri - daxilə keçməyən xəsarət aşkarlanıb.
Müstəntiq Sabir Tağızadənin sözlərinə görə, saxlanılan şəxs istintaqa ifadəsində Etibarı, bacısı Aygünü qısqandığı üçün bıçaqladığını bildirib. Məlum olub ki, Aygün Həsənova ailəlidir və bir övladı var. Bıçaqlanan Etibar Əliyev də ailə-uşaq sahibidir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.