Xəzərin rəngi niyə QIRMIZILAŞDI? - RƏSMİ MƏLUMAT

İki gündür səhər saatlarında Xəzər dənizinizin Bakı Kristal Zalına yaxın ərazisinə qırmızı maye axıdılması müşahidə edilib.  APA TV-nin məlumata görə, səhər saat 7-8 radələrində axıdılan maye ilə bağlı  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumlarının əməkdaşları araşdırma aparıblar. Araşdırma zamanı məlum olub ki, həmin maye qandır. Belə ki, kimliyi məlum olmayan şəxslər tərəfindən kəsilən heyvanların qanı Xəzər dənizinə axıdılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Miraslam Qəmbərov bildirib ki, həmin yerdə heyvanlar kəsilir, birbaşa kollektora axıdılır. Səhər tezdən nazirlik əməkdaşları da orda olduqları zaman fakt öz əksini tapıb. İlkin olaraq məlum olub ki, bu yağış kollektoruna olan müdaxilələrdir. Sabah konkret olaraq məlumat veriləcək. Nazirlikdən bildirilib ki, həmin əraziyə "Azərsu" tərəfindən kollektor çəkilir. İşlərin bir qismi başa çatıb, digərində isə davam etdirilir. Məqsəd zərərli maddələri daşıyan komponentlərin dənizə axıdılmamalısıdır. Bildirilir ki, qanı dənizə axıdanlar da bu boşluqdan istifadə ediblər. Müsahibim deyib ki, götürülən nümunələr üzərində aparılan təhlillər analiz olunduqdan sonra məlum olacaq ki, həmin şəxs hüquqi, yoxsa fiziki şəxsdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən buna görə inzibati qaydada tədbir görüləcək. Qeyd edək ki, qan Bakı Kristal Zalından Bayıl istiqamətinə qədər ərazidə müşahidə olunub. 

Müəllif | Apa.Tv