Salyanda avtomobil su kollektoruna aşdı, sürücü boğuldu

Salyanda “Jiquli” kollektora aşıb, sürücü suda boğularaq ölüb. Rayon  polis şöbəsindən APA TV-yə verilən xəbərə görə, hadisə fevralın 15-də  axşam saatlarında Salyanın Kürsəngi kəndi ərazisində baş verib. Bakı şəhər sakini, 65 yaşlı Mais Sandalı oğlu Məhərrəmov Kürsəngi kəndində idarə etdiyi “Jiquli” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil Şor su kollektoruna yuvarlanıb. Qəza zamanı avtomobildə olan sərnişin xilas ola bilsə də, sürücü qəzadan yayına bilməyib və hadisə yerində ölüb. Əraziyə FHN-nin xilasediciləri cəlb olunub. Xilasedicilərin köməyi ilə maşın sudan çıxarılıb və sürücünün meyiti aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı Salyan RPŞ-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı