“Sovetski” məhəlləsinin bir qrup sakini aksiya keçirib
Bakının “Sovetski” adlanan ərazisində yaşayan sakinlər evlərinin sökülməsiylə bağlı onlara veriləcək kompensasiyaya etiraz edərək aksiya keçiriblər. Sakinlər paytaxtın Nəriman Nərimanov prospektində, köhnə "Sovetski" kimi tanınan ərazisində toplanıblar. 173 saylı məktəbin qarşısına yığışanlar onlara hər kvadratmetrə görə 1500 manat verilməsinə etiraz edir. Hadisə yerinə cəlb olunmuş polis əməkdaşları aksiyanın təhlükəsizliyini təmin ediblər. Hadisə yerinə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov gəlib. O bildirib ki, sakinlərin şikayət və tələbləri yenidən araşdırılacaq: “Hər bir vətəndaşla ayrı ayrılıqda görüşürük. Onların şikayətləri dinlənilir. Yalnız o şəxslərin evi sökülür ki, onlarla artıq razılaşma əldə edilib. Biz heç kimə deməmişik ki, siz evlərinizi məcbur boşaltmalısınız”. Qeyd edək ki, aksiya iştirakçılarından ibarət təşkilat komitəsi tələb və təkliflərini irəli sürmək üçün Yasamal Rayon İcra Hakimiyyəti başçısı ilə görüş keçirəcəklər.