Gənc taekvandoçu DÖYÜŞ ZAMANI ÖLÜB
Misirin Luksor şəhərində keçirilən taekvando üzrə Afrika kuboku yarışlarında faciə baş verib. APA TV-nin məlumatına görə, turnirdə Türkiyəni təmsil edən 21 yaşlı idmançı Seyidhan Akbalık döyüş zamanı dünyasını dəyişib. Yerə yıxılan taekvandoçu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Seyidhan Akbalık 63 kiloqram çəki dərəcəsində mübarizə apaırmış. O, tatamiyə çıxdıqdan bir qədər sonra yerə yıxılıb. Onun infarkt keçirdiyi bildirilir.
Seyidhan Akbalık Afrika kuboku turnirindən 2016-cı il Olimpiadasında lisenziya qazanmağa şanslı idmançılardan hesab olunurdu. O, bundan əvvəl gənclər arasında Avropa çempionu olub.
21 yaşlı idmançının ölümü Türkiyə Taekvando Federasiyasının prezidenti Mətin Şahinin də səhhətinin pisləşməsinə səbəb olub. O, da xəstəxanaya aparılıb.
Türkiyənin Gənclər və İdman naziri Akif Çağatay Kılıç jurnalistlərə bildirib ki, gənc idmançının dünyasını dəyişməsi barədə baş nazir Rəcəb Tayyib Ərdoğana da məlumat verilib.
Türkiyənin Xarici İşlər və Səhiyyə Nazirlikləri Seyidhan Akbalığın cənazəsinin Vətəninə gətirilməsi üçün danışıqlara başlayıb və Səhiyyə Nazirliyinin Misirin Luksor şəhərində yolladığı xüsusi təyyarə cənazəni İzmirə - gənc taekvandoçunun doğma şəhərinə çatdırıb.