Məhəmməd Mursinin məhkəməsində qarşıdurma baş verib

Misirdə çevriliş yolu ilə hakimiyyədən uzaqlaşdırılan keçmiş prezident Məhəmməd Mursi və "Müsəlman qardaşları" hərəkatının 35 üzvünün casusluqda ittiham olunduğu iş üzrə məhkəmə prosesi təxirə salınıb.

 

Qahirədəki Polis Akademiyasının binasında keçirilən məhkəmə prosesində müttəhimlərin səs keçirməyən qəfəsdə olması müdafiə tərəfi ilə məhkəmə heyəti arasında mübahisələrə səs olub.

 

Prosesin əvvəlində çıxış edən Məhəmməd Mursi də səs keçirməyən şüşənin arxasında oturmasına etiraz edib. O, vəkillərini problem aradan qaldırılanadək prosesdə iştirak etməməyə çağırıb. Bunun ardınca müdafiə tərəfi məhkəmə zalını tərk edib və fasilə yaranıb.

 

Məhəmməd Mursi istisna olmaqla bütün müttəhimlər çevrilişə qarşı müqavimətin simvoluna çevrilən "Rabiyə" işarəsi göstəriblər və hərbi çevriliş əleyhinə şüarlar səsləndiriblər.

 

Müdafiə tərəfi prosesdə iştirakda imtina etdiyindən, məhkəmənin fevralın 23-də davam etdirilməsi qərara alınıb.

 

Qeyd edək ki, Məhəmməd Mursi və "Müsəlman qardaşları"nın 35 üzvü Misir dövlətinin maraqlarına zərbə vurmaq məqsədilə "Həmas" hərəkatı, "Hizbullah" təşkilatı və İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə cinayət əlaqəsinə girməkdə təqsirləndirilir.

 

Həmas hərəkatı Məhəmməd Mursinin onunla əməkdaşlıq iddiası ilə mühakimə olunmasını pisləyib. Hərəkat rəsmiləri bəyan ediblər ki, onlar Misirin daxili işlərinə qarışmırlar. "Həmas" şahırkı Misir hakimiyyətini Fələstin xalqının müqavimətinə düşmən gözü ilə baxmaqda günahlandırıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv