Təmas xəttində MONİTORİNQ KEÇİRİLƏCƏK

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, erməni silahlı bölmələri fevralın 16-17-də Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Tərtər rayonunun Göyarx, Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

Bu arada ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 18-də Tərtər rayonunun Tərtər-Ağdərə yolu üzərindən keçən təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik, səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçisi Uilyam Prayor, təmas xəttinin qarşı tərəfində isə səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova