İkinci Xocalı soyqırmı - QARADAĞLI FACİƏSİ
1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı soyqırımı törədib. Erməni silahlı birləşmələri yalnız dörd gün çəkən ağır döyüşdən sonra kəndə daxil ola bilib. Qaradağlı soyqırmının törədilməsinə Monte Melkonyan və bir sıra terror qrupları başçılıq edib.
Bu soyqırımını ikinci Xocalı da adlandırırlar. Faciədə kəndin hər 10 sakinindən biri şəhid olub. 1992-ci ildə Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülüb. Onlardan 67 nəfərini erməni cinayətkarları qətlə yetirib. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq olub. 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb.Ermənilər öldürülənlərin cəsədlərini təhqir etməkdən belə çəkinməyib, körpə uşaqlara, hamilə qadınlara amansız işgəncələr veriblər. Onların cəsədlərini doğrayaraq, silos quyularına atıblar.
APA TV-nin xəbərinə görə, işğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.