Nazirlikdən 47 min manatlıq cərimə
Azərbaycanda qanunsuz ov edilməsi və qanunsuz yolla əldə edilmiş ov məhsullarının satışı ilə bağlı 53 nəfər saxlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ov edilməsi, ovlanmış çöl quşlarının və heyvanlarının qeyri-qanuni satışının qarşısının alınması məqsədilə ölkə ərazisində növbəti reydlər keçirib. Saxlanılanlardan ümumilikdə 53 ov tüfəngi, 28 patron, qanunsuz ovlanmış 14 quş və 1 dovşan qanunvericiliyə uyğun qaydada götürülüb.
APA TV xəbər verir ki, faktlarla bağlı akt və protokollar tərtib edilərək 51 nəfər qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati qaydada, ümumilikdə 47.800 manat məbləğində cərimə olunub. Sənədlərini təqdim etməyən 2 nəfər qanun pozucusu barəsində toplanmış materiallar və maddi-sübut kimi götürülmüş ov tüfəngləri isə təqsirkarlar barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə rayon Polis Şöbələrinə təqdim edilib.
Hazırda araşdırma aparılır və təqsirkarların qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər görülür, reydlər davam etdirilir.