ABİTURİYENTLƏRƏ VACİB XƏBƏR: ali məktəblərə qəbul qaydaları açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarını açıqlayıb. APA TV-nin xəbərinə görə, “Abituriyent” jurnalının 1-ci sayında bu qaydalar və bütün səviyyələrdən olan təhsil müəssisələrinə qəbul imtahanı proqramları dərc edilib.


Jurnalın bu sayında yeni test modelləri dərc olunub. Abituriyentlər bu testlər vasitəsilə hazırlıq səviyyələrini yoxlaya, qəbul imtahanlarında onlara təqdim olunacaq sualların çətinlik səviyyəsini müəyyənləşdirə bilərlər. Jurnalda həmin test tapşırıqlarının düzgün cavabları və balların hesablanması qaydası da verilib.

 

Bu il də bütün ixtisas qruplarında iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 5-i açıq tipli olacaq: I ixtisas qrupunda - riyaziyyat və fizika; II ixtisas qrupunda - riyaziyyat və coğrafiya; III ixtisas qrupunda - riyaziyyat və tarix; IV ixtisas qrupunda - riyaziyyat və kimya fənlərində açıq tipli test tapşırıqlarından da istifadə ediləcək.

 

Xüsusi təyinatlı təhsil müəssisələrinə, yəni Polis Akademiyasına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Ali Hərbi Məktəbə, Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə, Orta Hərbi Tibb Məktəbinə və hərbi liseylərə qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən TQDK tərəfindən keçirilən test imtahanı verməlidir. Jurnalda yuxarıda qeyd olunan tədris müəssisələrinə sənəd qəbulunun tarixi, tələb olunan sənədlərin siyahısı və digər zəruri materiallar dərc olunub.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı