Millət vəkilindən gənclərə çağırış: "Din məsələsində diqqətli olun"

Gənclər Təşkilatları Milli Şurasının ötən ilin yekunlarına dair yığıncağı keçirilib. APA TV-nin xəbərinə görə, Şuranın baş katibi Seymur Hüseynov təşkilatın ötənilki strateji hədəfləri, yerli, regional və beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyət proqramları haqqında hesabat xarakterli məlumat verib. Onun sözlərinə görə, ötən il Milli Şuraya yeni 32 üzv qəbul olunub və bununla da təşkilata üzv olanların sayı 104 olub.

 

Seymur Hüseynov bildirib ki, gənclərin beynəlxalq sahədə əməkdaşlıq imkanlarının artırılması üçün bir sıra dövlətlərin gənclər təşkilatları ilə memorandum imzalanıb.

 

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov isə deyib ki, bəzi təşkilatlar Milli Şuranın yaranmasında qısqanclıqla yanaşıb. Bir vaxtlar gənclər təşkilatları arasında birləşmək məsələsində problemlər var idi. O bildirib ki, Gənclər və İdman Nazirliyinə 30 milyon manat vəsait ayrılır. Bu maliyyənin də üçdə biri gənclər təşkilatlarının layihələrinə və digər işlərə ayrılır.

 

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli yekun hesabatı müsbət qiymətləndirib. O, gənclərin din məsələsində diqqətli olmağa çağırıb: “ Dini təriqət problemləri ciddi problemdir. Əgər biz bu problemə göz yumsaq, yanından keçsək, nəyə gətirib çıxara bilər?. Elə sayt, facebook səhifələri var ki, onlar fəlakətə gətirib çıxarır.Düşünürəm ki, bu istiqamətdə böyük işlər görülməlidir".

 

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə şuranın fəaliyyətinin əhəmiyyətindən danışıb. Tədbirdə ötən ildən hazırlıq işlərinə başlanılan nayora.az saytının təqdimatı keçirilib.

 

Müəllif | Apa.Tv