Elnur Aslanov: “Bəzi təşkilatlar Ermənistan-Türkiyə sərhədinin açılmasına cəhd edir"

"Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan təcavüzkar planlarından əl çəkməyənə və qonşu ölkələrə münasibətdə konstruktiv siyasət yürütməyənə qədər, rəsmi Bakı İrəvanı iqtisadi təcrid vəziyyətində saxlamağa davam edəcək".

 

APA TV xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib: “Əfsuslar olsun ki, bir sıra qərb beynəlxalq təşkilatları Ermənistan-Türkiyə sərhədinin açılmasına cəhd edir. Bir daha Türkiyə tərəfinə minnətdarlığımızı bildiririk. Rəsmi nümayəndlərə dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmayana və işğal olunan ərazilər azad edilməyənə qədər Ermənistanla sərhəd Ankara tərəfindən açılmayacaq”.

 

E.Aslanovun sözlərinə görə, bu gün Ermənistanın yürütdyü təcavüzkarlıq siyasəti və işğal regional sülh və təhlükəsizliyə ciddi prioblem və təhdidlər yaradır: “Biz heç zaman gizlətməmişik ki, Ermənistanda yaranan ağır siyasi-iqtisadi vəziyyət bu ölkənin rəhbərliyinin yürütdüyü qeyri-konstruktiv siyasət ilə bağlıdır. Ermənistan rəhbərliyi anlamalıdır ki, bu cür siyasət gələcəkdə ölkəyə və erməni xalqına yaxşı heç nə gətirməyəcək".

 

O bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə biri-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı