PA şöbə müdiri: "TANAP layihəsini Azərbaycan və tərəfdaşları maliyyələşdirəcək"
"TANAP layihəsinin ümumi həcmi 45 milyard dollar olacaq və bu, ümumilikdə həm Azərbaycan, həm də Azərbaycanın tərəfdaşları tərəfindən maliyyələşdiriləcək".
APA TV-nin xəbərinə görə, bunu Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. O bildirb ki, istər TAP layihəsinin, istərsə də Cənub Qaz Dəhlizinin reallaşması Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək: "Azərbaycan, Gürcüstan və Türkiyə bir çox önəmli layihəyə imza atıb. Bu layihələr ümumilikdə Avropanın enerji və nəqliyyat xəritəsini dəyişir. TANAP-ın umumi dəyəri 45 milyard dollar təşkil edir. Layihənin maliyyələşməsindən Azərbaycanın Avropanın enerji təhlükəsizliyində fəal iştirakını gözləyirik".
"Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi" mövzusunda keçirilən beynəlxalq konfransda SAM-ın direktoru Fərhad Məmmədov deyib ki, regionun inkişafına zərər vuran və sülh, təhlükəsizliyin bərqərar olmasına əngəl törədən münaqişələrin həll olunması hər üç ölkənin ortaq marağındadır: "Hər üç ölkənin sülh və təhlükəsizliyə təminat verən layihələri mövcuddur. Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi isə sülh və təhlükəsizliyə olan böyük təhdiddir. Ermənistanın işğalçı siyasəti hər üç dövlətə qarşı olan ərazi iddiaları dediklərimizn əyani sübutudur. Ermənistan hər üç ölkənin nəinki strateji əməkdaşlığından narahatdır, öz siyasətində qonşu ölkələrə qarşı da səmimi deyil".
Türkiyənin "Qara Dəniz Strateji Araşdırmalar" mərkəzinin rəhbəri Yalçın Sarıkaya isə deyib ki, Azərbaycan Cənubi Qafqaz bölgəsinin iqtisadi layihələrinin qaynaqlandığı güclü strateji tərəfdaşdır.