Prezident İlham Əliyev Milli Gimnastika Arenasında aparılan tikinti ilə maraqlanıb

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 17-də Bakıda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olub.


APA TV-nin xəbərinə görə, təməli 2009-cu ilin avqustunda dövlət  başçısının iştirakı ilə qoyulan arenada tikinti işləri artıq başa çatmaq üzrədir.
 

Gənclər və idman naziri Azad Rəhimov arenada görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Bildirib ki, burada maraqlı illüminasiya elementlərini təqdim edən ekranlar quraşdırılıb. Əsasən, gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının keçirilməsi üçün uyğunlaşdırılmasıdır. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 9 min 600-ə qədər artırmaq mümkündür. Avropada ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda otel də yaradılıb.
 

Diqqətə çatdırılıb  ki, Milli Gimnastika Arenasında bu ilin iyununda bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, 2015-ci ildə birinci Avropa Oyunları çərçivəsində 6 gimnastika fənni üzrə yarışların, 2019-cu ildə isə bədii gimnastika üzrə 2020-ci il Olimpiadasına lisenziya xarakterli dünya çempionatının burada keçirilməsi planlaşdırılır.
 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ayrıca inşa edilmiş məşq zalında yaradılan şəraitlə tanış olublar. Dövlət başçısı və xanımı burada gimnastların məşq prosesini izləyiblər. Prezident İlham Əliyev və xanımına milli yığmanın forması təqdim olunub.

Müəllif | Apa.Tv
Almaz Qasımova