Avtobuslarda kart sistemi qalmaqalı – XÜSUSİ REPORTAJ
“Yeni kart sistemindən istifadə etmisiniz? Xeyir. Niyə? Çünki hələ tam tətbiq edilməyib. İstifadə etmək istədikdə isə deyirlər ki, işləmir".
“Hələlik istifadə etməmişəm. Amma proses tam başlasa, yaxşı olar. Kart sistemindən sonra bəlkə sürücülərin canı qurtarar”.
Bu, avtobusların kart sisteminə keçidi ilə əlaqədar sorğu keçirdiyimiz paytaxt sakinlərinin fikirləridir. Son günlər ictimai nəqliyyatda kart sisteminin tətbiqi paytaxt sakinləri arasına bir mənalı qarşılanmayıb. Sərnişinləri narazı salan məqam bir tərəfdən yeni kartın satış qiymətinin 3 manat olması, digər tərəfdən hələ də yeni sistemdən yararlana bilməmələridir. Paytaxt avtobuslarında apardığımız müşahidələr zamanı məlum oldu ki, yanvar və fevral aylarında 40 marşrut xəttində yeni validatorlar quraşdırılsa da, sərnişinlərin bundan istifadəsi hələlik mümkün deyil. Hətta bir sıra hallarda sərnişinlərin yeni sistemdən istifadə etmək cəhdləri sürücülərin narazılığı ilə qarşılanıb. Bir sözlə, sürücülər hələ də yeni sistemin tam işə düşməməsini əsas gətirərək nağd ödəniş tələb edirlər. Sürücülər deyir ki, yeni maaş sisteminin işə düşməməsi səbəbindən sərnişinin ödədiyi məbləğ sistemdə yığılıb qalır. Bu isə günün sonunda ödəniləcək plana uyğun məbləğin toplanmamasına gətirib çıxarır.
Sürücülər bu barədə nə deyir?
“Bəli, bizdə sistem var, amma hələlik işə düşməyib. Sərnişinlər bəzən kart alıb istifadə etmək istəyirlər. Amma hələlik bu, mümkün deyil”.
“Bizim marşrut xəttində artıq tətbiq edilir. Fərqi yoxdur nağd ödəyir, ya kartla. Hələlik hər ikisi ilə icazə veririk”.
“Bizə nə zaman müdiriyyət desə ki, kartla istifadəyə icazə veririk, o zaman biz də tətbiq edəcəyik. Əslində hələlik sistemin tətbiqi mümkün deyil, çünki, yeni sistemdə yığılan pul bizim gündəlik gəlirimizə təsir edir”.
Nəqliyyat Nazirliyi də məsələdən xəbərdardır. Nazirliyin katibliyinin rəisi Namiq Həsənov deyir ki, bu cür neqativ hallarla bağlı onlara siqnallar daxil olub. Hazırda qanun pozuntusuna yol verən sahibkarlara bu cür halların aradan qaldırılması üçün ciddi xəbərdarlıq edilib.
Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi Namiq Həsənov deyir ki, nağd pulla ödəmənin qalması o demək deyil ki, hansısa sürücü sərnişinə kartdan istifadəni qadağan etsin: “Bu məsələdə o böyük xətaya yol verib və bu da sahibkarların nəzərinə çatdırılıb. Bununla əlaqədar yaxın günlərdə yenidən sahibkarlara son xəbərdarlıq ediləcək ki, belə qanun pozuntularına yol verməsinlər”.
Nazirlik sözçüsü deyir ki, paytaxtda 750-yə yaxın avtobusda validatorların quraşdırılması həyata keçirilib. Hazırda daha 1000 avtobusda bu proses davam edir. Yaxın günlərdə 500 yeni validatorun gətirilməsi nəzərdə tutulur. O ki qaldı sürücülərin maaş sisteminə keçidə Namiq Həsənov deyir ki, bunun üçün ilk növbədə sahibkarla sürücü arasında qarşılıqlı anlaşma olmalıdır.
“Maaş sisteminə keçid kart sistemi tam tətbiq olunduqdan sonra reallaşa bilər. Hələlik əmək müqaviləsində şərtlər müəyyənləşməlidir. Əvvəlki günlərdən fərqli olaraq əgər sürücünün günün sonunda əldə etdiyi məbləğ ötən aylara nisbətən aşağı düşübsə, bu prosesi sahibkarlar tənzimləməlidir. Hər bir sahibkar sürücünü istəsə maaşla, istəsə də gündəlik planla işlədə bilər. Bu prosesi Nəqliyyat Nazirliyi tənzimləmir”.
Namiq Həsənovun sözlərinə görə, yaxın günlərdə nazirlik əməkdaşları daxil olan neqativ hallara dair monitorinqlər həyata keçirəcək. Pozuntu aşkar edilən marşrut xətti həmin sahibkardan alınıb digərlərinə veriləcək. İşdən kənarlaşdırılmasını istəməyən sürücülərə isə qanuna əməl etmək tövsiyə edilir.