Əli Əliyev: “Eldəniz Quliyev cəzasını almalıdır”
Vətəndaş və İnkişaf Partiyası “El” hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevi məhkəməyə verib. Partiyanın sədri Əli Əliyev bildirib ki, atılan addımın arxasında heç bir siyasi motiv dayanmır: "Biz də hesab edirik ki, bu məsələ təkcə tərbiyə məsələsi, şəxsi problem deyil. İstisna deyil ki, onu bu istiqamətə yönləndirən kimlərsə var. Ümumiyyətlə siyasətə aidiyyəti olmayan elementar davranış qaydalarına uyğun olmayan bir tərbiyə nümayiş etdirib. O da fərdi olaraq cəzanı almalıdır".
Onun sözlərinə görə, Eldəniz Quliyev partiya tərəfindən onun məhkəməyə verilməsini spekulyasiya etmək üçün Milli Şuranı qalxan kimi istifadəyə cəhd edəcək: “Bu gün Milli Şuranın daxilində bizim mövqelərimizlə ziddiyyət təşkil edən bir məqamlar yoxdur. Əslində həmin qurumun özünün bəzi daxili problemləri yaşanmaqdadır. Çünki, həmin təşkilatın sədri və rəhbərliyində olan şəxslər oranı tərk ediblər. Bunu da hansısa məqsədlə Milli Şurada saxlayıblar”.
Əli Əliyev bildirib ki, Eldəniz Quliyev barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələri üzrə tədbir görülməsinin istənildiyi şikayət ərizəsi 2014-cü il fevralın 17-də Xətai Rayon Məhkəməsinə təqdim olunub.