Əhaliyə pulsuz tibbi müayinə
Lənkəranda və Gəncədə əhalinin pulsuz müayinəsinə başlanıb. Lənkəran Mərkəzi Rayon Xəstəxanası və poliklinika şöbəsində təşkil olunmuş pulsuz tibbi müayinələrə 18 yaşdan yuxarı vətəndaşlar cəlb olunublar. APA TV-nin xəbərinə görə, Şəhər İcra Hakimiyyəti nəzdində yaradılmış komissiya müayinələrin gedişinə mütəmadi nəzarət edib. Müayinələri təcrübəli həkimlərdən təşkil olunmuş 8 briqada həyata keçirib. Gəncədə də sakinlərin pulsuz müayinəsinə start verilib.
Tədbir çərçivəsində fevral ayının 3-cü ongünlüyündə Hacıkənd qəsəbəsinin sakinlərinin və qəsəbədə məskunlaşmış, əsasən Xocalı rayonundan olan məcburi köçkünlərin profilaktik müayinələri həyata keçiriləcək.
Artıq səhiyyə idarəsi tərəfindən ərazi poliklinikaları uyğun tibbi ləvazimat və yardımçı vasitələrlə təmin edilib.
Lənkəran və Gəncədə keçirilən səhiyyə aksiyası Azərbaycan prezidentinin bütün ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb edilməsi ilə bağlı verdiyi tapşırığa əsasən həyata keçirilir.