ASTARA BAZARInda 1500 kvadratmetr ərazi YANIB

Azərbaycanın Astara şəhərindəki mərkəzi bazarda başlayan yanğın dörd saatlıq mübarizədən sonra söndürülüb. APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə barədə məlumat daxil olan kimi əraziyə Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Yanğından Mühafizə Hissəsindən 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının əhatə dairəsi genişləndiyindən köməyə Lənkəran və Masallı rayonlarının yanğından mühafizə hissələrinin hər birindən əlavə olaraq daha iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Onların birgə səyləri ilə saat 19.00 radələrində yanğın lokallaşdırılıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 5000 kvadratmetr olan bazarın 1500 kvadratmetr ərazisi yanaraq sıradan çıxıb. Yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib. Hadisənin səbəbləri barədə hələlik açıqlama verilmir. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv