Qaxda ÜÇAYAQLI ÇƏPİŞ DOĞULDU

Qax rayon sakininin təsərrüfatında 3 ayaqlı çəpiş doğulub. APA TV-nin məlumatına görə, hadisə Qax rayonunun ucqar, Gürcüstanla həmsərhəd Qındırğa kəndində  Elxan Ərəbova məxsus təsərrüfatında baş verib.

Keçilərdən biri üçəm doğub. Doğulan çəpişlərdən ikisi normal olsa da, biri 3 ayaqlı olub. Çəpiş balasının arxa sağ ayağı yoxdur. 

Elxan Ərəbov həmin çəpişi digər qoyun-quzudan və keçilərdən ayırıb, tək qulluq göstərib: "Bu quzu doğulanda dedik ki, öləcək. Yaxşı qulluq etdik, evdə saxladıq. Bir-iki gün keçdi ayağa durdu, qaçdı. Doğulanda hamısından zəif idi".

Elxan Ərəbov belə halın 3-4 il öncə baş verdiyini, ancaq 3 ayaqlı doğulan çəpişin sadəcə bir-neçə gün yaşadığını söyləyib. O, Qındırğa kəndində başqa təsərrüfatda anormal halın olmadığını bildirib.
 

Müəllif | Apa.Tv
Vüqar Heydərov