Çörək zavodunda partlayış: YARALI QADINLARDAN BİRİNİN DURUMU AĞIRDIR
Beyləqanda çörək zavodunda baş vermiş partlayış zamanı xəsarət alan 5 qadından dördü amblator müalicə almaq üçün evə buraxılıb. Daha ağır xəsarət alan Vəzifə Süleymanova isə xəstəxanadadır. Həyat yoldaşı Oruc Süleymanov deyib ki, partlayış buxar qazanında olub. Xəmir dolu qazan Vəzifə Süleymanovanın üstünə aşıb. Digər dörd nəfərin üstünə isə buxar qazanından isti su tökülüb.
Həkimlər Vəzifə Süleymanovanın xəsarətinin ağır olduğunu bildirirlər.
APA TV-nin xəbərinə görə, hadisə nəticəsində zavodun işçiləri - 1966-cı il təvəllüdlü Vəzifə Süleymanova, 1964-cü il təvəllüdlü Nəzakət Quliyeva, 1960-cı il təvəllüdlü Xalidə Həsənova, 1967-ci il təvəllüdlü Zemfira Abbasova və 1958-ci il təvəllüdlü Məxsurə Cəfərova yaralanıb.
Beyləqan Rayon Polis Şöbəsindən verilən məlumata görə, partlayışa buxar qazanının düzgün tənzimlənməməsi səbəb olub. "Azəriqaz" İstehsalat Birliyindən isə bildirilib ki, hadisəyə təbii qaz sızması səbəb olmayıb.