390 DÖVLƏT QULLUQÇUSU CƏZALANDIRILIB
2013-cü il üzrə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunu pozan 390 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib. APA TV-nin xəbərinə görə, bunu Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov “Komissiyanın 2013-cü il üzrə illik fəaliyyəti və etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə hesabatları” mövzusunda konfransda deyib. Onun sözlərinə görə, 341 nəfərə töhmət verilib, 16 nəfərin vəzifə maaşı azaldılıb, 13 nəfər dövlət qulluğundan azad edilib, 20 nəfərə isə digər intizam tənbeh tədbiri tətbiq edilib: "Mərkəzi İcra Hakimiyyəti orqanları üzrə 314 nəfərə (bunlardan töhmət 275 nəfərə, maaşın azaldılması 16 nəfərə, dövlət qulluğundan azad edilmə 11 nəfərə), yerli İcra Hakimiyyəti orqanları üzrə isə 76 nəfərə (bunlardan töhmət 67 nəfərə, dövlət qulluğundan azad edilmə 3 nəfərə, daha aşağı vəzifəyə keçirilmə 1 nəfərə) intizam tənbeh tədbiri tətbiq edilib".
Sektor müdiri bildirib ki, mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilmiş intizam tənbeh tədbirləri əsasən əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməməsi, qeyri-peşəkarlığın göstərilməsi, qeyri-mədəni davranışla bağlı olub.
2013-cü ildə Komissiyanın keçirdiyi müsabiqələr barədə məlumat verən Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn bildirib ki, ilk müsabiqədə 94 dövlət orqanı 1005 vakant dövlət qulluğu vəzifəsi, ikinci müsabiqələrdə isə 99 dövlət orqanı 1065 vakant dövlət qulluğu vəzifəsi təqdim edib. Ümumilikdə Komissiya yaranan gündən etibarən 4000-dən artıq şəxs dövlət qulluğuna qəbul edilib.