Qazaxıstanın parlament sədri Azərbaycana gəlir

Türkdilli ölkələr arasında nəqliyyata dair hökumətlərarası müqavilənin imzalanması gözlənilir. APA TV-nin xəbərinə görə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Amangəldi Jumabayev keçirdiyi mətbuat konfransında deyilib. Onun sözlərinə görə, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının ötən il Qəbələdə keçirilən iclasında təşkilata üzv olan ölkələr arasında nəqliyyat sahəsində əlaqələrin inkişaf etdirilməsi qərara alınıb: "Hazırda nəqliyyat nazirlərinin imzalaması üçün sənəd hazırlanır. Bu sənəd Qazaxıstandan yüklərin Azərbaycan vasitəsi ilə Avropaya və əksinə Avropadan Orta Asiyaya və Çinə çatdırılmasına imkan verəcək. Müqavilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının növbəti toplantısında imzalana bilər. Azərbaycan Bakı-Tbilisi-Ceyhan layihəsini reallaşdırmaqla yükdaşıma 3 dəfə artacaq. Bu İpək yolunun yenidən bərpası deməkdir".

 

Səfir iki ölkələrimiz arasında isti qardaşlıq münasibətlərinin mövcud olduğunu diqqətə yetirib. O, bu əlaqələrin bütün sahələrdə sürətlə inkişaf etdiyini və Qazaxıstan Milli Məclisinin sədri Nurlan Niqmatulinin fevralın 20-də Bakıya səfəri zamanı bu məsələlərin bir daha müzakirə olunacağını deyib. Səfir həm də ölkələrimiz arasındakı ticarət əlaqələrinə də toxunub: "Ölkələrimiz arasında ticarət dövriyyəsi yüksək deyil, biz bu rəqəmi 1 milyard dollara çatdırmaq istəyirik. Hazırda mal dövriyyəsi 400 milyon dollar civarındadır".

 

Amangəldi Jumabayev bu il Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana səfər edəcəyinə ümid bəslədiklərini bildirib. Səfirin sözlərinə görə, bu səfər onlar üçün çox vacibdir.

 

Müəllif | Apa.Tv