GƏLİNƏ İŞGƏNCƏLƏR VERƏN AİLƏYƏ hökm oxundu
Astarada gəlinə işgəncə verməkdə təqsirləndirilən Malik Nabatov, arvadı Mirvari Şahmuradova və oğlu Afiyəddin Nabatovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, hakim İsmayıl Abdurəhmanlının sədrliyi ilə keçirilən poresesdə hökm oxunub. Hökmə əsasən, zərərçəkən Qutamə Rükiyevanın əri Afiyəddin Nabatov cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib. Qayınata Malik Nabatov və qayınana Mirvari Şahmuradovaya himayələrində azyaşlıların olması nəzərə alınaraq, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Həmin cəza 2 il sınaq müddəti ilə şərti hesab edilib.
Astara rayonunun Pəlikəş kənd sakini, 1969-cu il təvəllüdlü Malik Məmmədağa oğlu Nabatov yaşadığı evdə oğlu, 1994-cu il təvəllüdlü Afiyəddin Nabatov və arvadı, 1975-ci il təvəllüdlü Mirvari Şahverdi qızı Şahmuradova ilə qabaqcadan əlbir olaraq gəlini, 1994-cü il təvəllüdlü Qutamə Arzu qızı Rükiyevanı mütəmadi olaraq təhqir edib, döyub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, saçlarını qırxıb və fiziki əzab veriblər.