Allahşükür Paşazadə: "ŞƏHİD ÖZ TORPAĞI, HAQQI UĞRUNDA ÖLƏNDİR”
Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən İdarənin sədri Allahşükür Paşazadə dünya ictimaiyyətini Xocalı soyqırımı faktını öz adı ilə çağırmağa və pisləməyə səsləyib: “Bu gün Azərbaycanda şəhidlik adına, şəhidlik ideologiyasına xələl gətirənlər var. Konkret xarici qüvvələr var ki, bunu Azərbaycan tərəfinə yönəldir. Bu qüvvələr heç bir şey edə bilməyəcək. Şəhid vətənində öz torpağı uğrunda, haqqı uğrunda şəhid olandır. Əsl şəhidliyi gedib haradasa, kiminsə siyasəti uğrunda döyüşməklə, ölməklə səhv salırlar. Lakin onlar bilsinlər ki, istəklərinə nail olmayacaqlar”.
Dini qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov isə bildirib ki, Xocalı faciəsinin soyqırım kimi beynəlxalq səviyyədə tanınması və bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün keyfiyyətcə yeni mərhələ açılıb: “Başqa məqsədi olmayan, xaricdə baş verən münaqişələrə cəlb edilən çağırış Azərbaycan xalqı qarşısında böyük bir qəbahətdir. Bizim din xadimlərimiz gənclərimizi bu bəyanatlardan yayındırmalı, vətəndaşlarımızı düzgün vətənpərvərlik istiqamətində yetişdirməlidir. Bu gün Ermənistanda aclıq nəticəsində insanlar qaçırlarsa, bu da Azərbaycan prezidentinin xocalılara görə, aldığı intiqamın bir nümunəsidir".
Millət vəkili, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun sözlərinə görə, Xocalıda törədilən məqsədyönlü soyqırımı aktı erməni vəhşiliklərin kulminasiya nöqtəsi olub. O qeyd edib ki, bu gün prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan güclü dövlətə çevrilib. Bu siyasət nəticəsində Azərbaycanın haqq səsi dünyaya çatdırılır və tezliklə torpaqlarımız hansı yolla olursa olsun, işğaldan azad ediləcək.
Daha sonra çıxış edən Şeyxulislam Allahşükür Paşazadə qeyd edib ki, axundlar öz moizələrində Xocalı soyqırımına geniş yer ayırmalıdır.